Your network blocks the Lichess assets!

lichess.org
Donate

if(camustrate) || (camustration)

təşəxxüs-dən =>> metafizikaya:)

Birinci fəsil: Absurd düşüncə
Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: Həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir mi?

O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahkı gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizə çevrilir; insanlar həyatını sanki ölümün qaçınılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir.

Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı - dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə - “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.

Daha sonra Kamü, bu absurdluq duyğusu ilə mübarizə aparmağa çalışan Martin Haydeqqer, Karl Yaspers, Lev Şestov, Sorn KyerkeqorEdmund Husserli tənqid edir.Adı çəkilən bu filosofların hamısı qaçılmaz absurd vəziyyətlə ziddiyyət təşkil edən nəticələrə gələrək “fəlsəfi intihar”a əl atırlar. Kyerkeqor və Şestov bunu ağıldan üz döndərib Tanrıya üz tutmaqla, Husserl isə ağlı ucaldıb, sonda Platonun ideyalar nəzəriyyəsində qərar tutmaqla edir.

Kamü absurdu qəbul etməyin intihara yol açdığı fikrini kəskin şəkildə rədd edir. Əksinə, absurdu qəbul etmək bu mənasız dünyada qısa həyatlarımızı yaşamağa, sonra da ölməyə məhkum olunmuş ağlı başında insanlar olduğumuzun fərqində ola-ola bu həyatı doya-doya yaşamaqdır. Arzularımızla reallıq arasındakı heç vaxt bitməyən bu toqquşma bizim də daim konflikt şəraitində yaşamağımız deməkdir. Bu, eyni zamanda həyatımızın mənasızlığı və bizi gözləyən ölümə qarşı üsyandır.

Absurdun fərqinə varan insanı daha onun metafiziki azadlığı maraqlandırmır, çünki indi onun əldə etdiyi azadlıq fərqlidir: o, artıq daha yaxşı bir gələcəyə və ya əbədiyyətə ümid bəsləmir, həyatın mənasını axtarmaq və ya məna yaratmaq ehtiyacı duymur.

~Absurd bir şeyi aydınlaşdırır: gələcək yoxdur. Bu gerçək bundan sonra daxili azadlığımın səbəbidir.

Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və sevgi.



İkinci fəsil: Absurd insan
Absurd insan necə yaşamalıdır? Aydındır ki, bu həyat əxlaqi normalara əsaslanmır. Əxlaqi normalara əməl olunması fikri ya insanın Tanrıya olan inamından qaynaqlanır, ya da etdiyi hər hərəkətə haqq qazandıra bilsin deyə elə insanın özü tərəfindən yaradılıb. Absurd insan Tanrıya inanmır və kiminsə ona necəsə bəraət qazandırmasına ehtiyac duymur. Dürüstlüyün qaydalara ehtiyacı yoxdur.

~İvan Karamazov iddia edir: “Hər şeyə icazə verilir”. [...] Absurd bütün hərəkətlərə haqq qazandırmır. Hər şeyə icazə verilməsi heç nəyin qadağan olunmadığı mənasına gəlmir.

Daha sonra Kamü absurd həyat yaşayan insanlardan nümunələr gətirir. O, buna həyatını dolu-dolu, ehtirasla yaşayan Don Xuanla başlayır. Kamü Don Xuanın çarəsizcəsinə gerçək sevgini axtarması, amma tapa bilməməsi, hiyləgər və ya melanxolik olması kimi dəfələrlə səsləndirilmiş fikirləri rədd edir. Əksinə, iddia edir ki, o, sadəcə indiki an üçün yaşayır. O, həyatını ona məna qatmağa çalışmadan, belə bir ümidi olmadan və etdiklərinin fərqində ola-ola edir.

~Don Xuan melanxolikdir? Böyük ehtimal ki, yox. [...] İnsanların melanxolik olması üçün adətən iki səbəbi olur: onlar ya nəyisə bilmirlər, ya da nəyəsə ümid edirlər. Don Xuan isə hər şeyi bilir və heç nəyə ümid bəsləmir.

Kamünün absurd insana ikinci misalı aktyordur. Lakin o, filmləri ilə ölümsüzləşən film ulduzlarına yox, sadəcə səhnədə çıxış edən teatr aktyorlarına istinad edir. Aktyorun həm özünün, həm də canlandırdığı obrazın ömrü tez uçub gedir. Bundan əlavə, onların ad-sanı da qısamüddətli olur. Roman yazan biri ölümündən sonra şöhrət qazanacağına ümid eləyə bilər, amma aktyor bilir ki, onun şan-şöhrəti qarşısında çıxış etdiyi tamaşaçılarla məhdudlanıb və sadəcə bir-neçə saat çəkəcək.Bu vəziyyət bir müddət teatrda aktyorluq edən, hətta Karamazov qardaşları tamaşasında İvan Karamazovun rolunu özü ifa edən Kamüyə tam olmasa da, müəyyən mənada tanış idi.

Oxucuya təqdim olunan üçüncü absurd insan obrazı isə işğalçıdır. İkinci Dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının üzvü olan Kamü bu hissədə öz təcrübələrinə də əsaslanır. Absurd insana görə, bütün mübarizələr mənasız olduğu kimi, heç bir qələbə də əbədi deyil və onun həyatını ümid etmədən apardığı mübarizə müəyyənləşdirir.




Üçüncü fəsil: Absurd yaradılış

Essenin üçüncü hissəsində Kamü absurd həyatın ən yaxşı nümunəsi olan yaradıcılıqdan danışır. Yaradıcılığın özü kimi, özündə ehtiva etdiyi həzz duyğusu də absurddur. Kamünün təsirləndiyi yazıçılardan olan Frederix Nitşenin “İncəsənət həqiqətdən ölməyək deyə mövcuddur” sözləri də bu fikri təsdiq edir.

Yaratmaq ikili həyat yaşamaqdır, amma bunun aktyorun səhnədəki həyatından və ya ölümündən daha əhəmiyyətli olduğunu deyə bilmərik. Absurd insan nə edirsə etsin, sadəcə gerçəkliyi, həqiqətən var olanı təkrarlayır və ya yenidən yaradır. O, həyatı anlamağa yox, sadəcə təsvir etməyə çalışır. İncəsənət həyatın müxtəlif aspektlərini özündə əks etdirsə də, ona əlavə heç nə qata bilmir.

~Absurd insan üçün önəmli olan məsələni izah və həll etmək yox, onu təcrübə və təsvir etməkdir. Hər şey açıq-aşkar özünü büruzə verən laqeydliklə başlayır.

Yaratmaq pantomimaların(sözsüz teatr oyunu) ən böyüyüdür. Bütün bunlara baxmayaraq, insan yaradıcılığa sığına bilməz, çünki o da özlüyündə absurddur.Vizual incəsənət və musiqi üçün absurd olmaq heç də çətin deyil, çünki onlar nəyisə izah etmədən də asanlıqla göstərə bilirlər.Yəni, absurdluq onların təməlindədir. Lakin dil və sözlər belə deyil, onlar məhz nələrisə izah etmək üçün var. Buna görə də, Kamü sırf bədii yaradıcılıq məsələsinə toxunur və bədii yaradıcılığın absurd ola bilib-bilməyəcəyini sorğulayır. Belə ki, o, Dostoyevskinin Yazıçının gündəliyi, Cinlər (roman)Karamazov qardaşları əsərlərini bu kontekstdə araşdırır. İlk iki əsərdə fəlsəfi intihar mövzusuna yer verilir. Cinlər əsərindəki Kirilov obrazı yazıçının dili ilə desək “məntiqli intihar” edir.Həyatın mənalı olması üçün Tanrı mövcud olmalıdır, amma Kirilov onun mövcud olmadığından əmindir. Onun intihar etməsi əslində Tanrının mövcud olmaması fikrinə qarşı etdiyi bir üsyan, eyni zamanda, özü üçün açdığı yeni bir ümid qapısı idi. Sonda ümid və inama aparan yolu tapması Kirilovu absurd qəhrəman olmaqdan çıxarır. Sonluq fərqli olsa da, eyni məntiqi uyğunluq Karamazov qardaşları üçün də keçərlidir.





Dördüncü fəsil: Sizif haqqında mif
Son fəsil Sizif (Sisyphus) haqdadır. Sizif yəqin ki, yaşadığı həyatla yox, aldığı cəza ilə daha çox anılır.

~İlahlar Sizifə iri bir daşı dağın zirvəsinə qaldırmaq cəzasını kəsdilər; daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanırdı. Onların fikrincə, faydasız və mənasız əməkdən ağır və dəhşətli cəza yoxdur.

Sizifin niyə cəzalandırıldığı ilə bağlı bir çox versiya mövcuddur. Bir versiyaya görə, Sizif Zevsin Asopun qızı Eginanı qaçırmasına şahid olur və Korinf qalasına su çəkməsi qarşılığında ona kömək əlini uzadacağını bildirir. Başqa birində isə, Sizif Ölümü zəncirlədiyi üçün Pluton tərəfindən cəzalandırılıb yeraltı dünyaya göndərilir, daha sonra isə arvadından onun sözünü çeynədiyi üçün intiqam almaq bəhanəsiylə Aiddən birdəfəlik icazə alıb yer üzünə qalxır. Lakin yer üzünün işığını, naz-nemətini görən Sizif yeraltı dünyaya qayıtmaqdan imtina edir. Heç bir hədə-qorxuya boyun əyməsə də, sonra yenə cəhənnəmdə yaşamağa məhkum edilir.

~Sizif göylərin ildırımlarındansa, Yer üzərindəki suların xeyir-duasını üstün tutdu. Cəzası cəhənnəm əzabı oldu.

Kamü Sizifin absurd qəhrəman olduğunu bildirir. Bu, özünü onun həm yer üzündə, həm də yeraltı dünyada olarkən etdiyi hərəkətlərdə büruzə verir. Tanrılara qarşı etinasızlığı, ölümə qarşı nifrəti və yaşamaq eşqi ona çox baha başa gəlir.

Sizifin başına gələnlər bütün versiyalarda nəql edilsə də, onun bu cəzaya necə dözdüyü, nə hisslər keçirdiyi barədə məlumat verilmir və bu, oxucunun təxəyyülünə buraxılır. Kamünü əsas maraqlandıran şey daşın yenidən aşağıya yuvarlandığı anda Sizifin nələr düşündüyü, hansı halda olmasıdır. Onun taleyi ancaq ona görə faciəvi hesab oluna bilər ki, o, öz taleyinin absurdluğunu və bu cəzadan heç cür qurtuluş olmadığını anlayır. Amma digər tərəfdən, bütün bunları anlaması onu taleyindən də yuxarı yerlərə qaldırır.

Kamü iddia edir ki, Sizif ona verilən bu mənasız və işgəncə dolu tapşırığı hətta şən halda da etmiş ola bilər. Sadəcə geridə qoyduğu dünya haqda düşünəndə onu kədər bürüyür.Kamünün fikrincə, xoşbəxtlik və absurdluq bir-biri ilə yaxından əlaqəlidir. Çünki hər ikisi eyni səbəb və nəticədən doğur: biz anlayırıq ki, özündə ümid ehtiva etməyən taleyimiz sadəcə özümüzə məxsusdur və həyatımız öz taleyimizi nəyə çeviririksə, məhz ondan ibarətdir.

~Sizifi bəxtiyar saymamaq üçün əlimizdə heç bir əsas yoxdur.

87ce4d95e70bde8b0f92962185682fb7.jpg
Çox gözəl başa düşürdüm ki, otuz yaşında ölməklə yetmiş yaşında ölmək arasında elə böyük fərq yoxdur. Nə qədər yaşayırsansa yaşa, fərqi yoxdur, səndən sonra da yaşayan kişilər və qadınlar olacaq, həm də minlərcə il. Sözün qısası hər şey çox aydın idi. İndi də olsa, iyirmi il sonra da olsa öləcək olan yenə də mən idim. ~ Albert Camus - L'Étranger

ב.פ