Your network blocks the Lichess assets!

lichess.org
Donate

rest in peace, danya

Chess Personalities
1995 - 2025)

Daniel Naroditsky, ya da onu tanıyanlar üçün sadəcə “Danya”, amerikalı gənc şahmatçı, müəllim, commentator və milyonların dostu idi. Adı bunu deməsə də, o amerikalı idi, Kaliforniyada rus əsilli bir ailədə anadan olmuşdur. Rus dili onun birinci dili, ingilis dili ikinci dili idi. Şahmat onun həyatına sürətlə daxil oldu - təəccüblü deyil, çünki atası riyaziyyatçı, anası isə pianoçu idi. Şahmat, riyaziyyat və musiqi üçbucağı da burada birləşdi. Atası ona altı yaşında bu oyunu öyrədib, Daniel isə yeddi yaşında Mexanika İnstitutunun (M.İ.) klubuna qoşulub. Atası Rusiyaya səfərdən qayıdanda, o, həmişə özü ilə rus şahmat kitablarını gətirirdi. Onun çox gözəl istedadı var idi – 2007-ci ildə 12 yaşadək uşaqlar arasında Dünya Çempionu oldu (digər ən yaxşı oyunçu İlya Nişnikdən qabaq) və daha sonra ilk kitabını, “Mastering Positional Chess”nı, üç ildən sonra “Mastering Complex Endgames” kitabını yazdı. Tezliklə FİDE titulları gəldi və iyirmi yaşında tarix fakültəsini bitirdiyi Stenford Universitetində oxudu. Bu arada o, həmçinin beş ölkə çempionatında (2014, 2015, 2017 və 2021) oynamışdı. Blitsdə 140.000-dən çox oyunla chess.com-da müntəzəm iştirak edirdi. Daniel-in FİDE blits reytinqi onu 2705 blits elo ilə dünya üzrə 23-cü yerə qoyub.

Onlayn məzmun yaradaraq insanlara yalnız şahmat oyununu deyil, düşünməyi, səbr etməyi, kreativliyi öyrədirdi. Və o 30 yaşı tamam olmadan bu dünyadan getdi. Gənc olmasına baxmayaraq, Hikaru Nakamuranın da dediyi kimi şahmat dünyasında çox dərin təsir buraxmışdı.

Danya heç vaxt sadəcə gedişlər haqqında danışmırdı; o, hər fiqurda, hər debütdə bir hekayə görürdü. “Every move tells a story, and every mistake teaches one,” deyirdi. Bu sözlər yalnız şahmat üçün deyil, həyat üçün də keçərlidir. Onun videolarında sükut və məntiqlə dolu özünəməxsus bir harmoniya hiss olunurdu, hansı ki, bu harmoniyanı daha görməyəcəyik.

İnsan itkisinin fəlsəfəsi budur: bəzən dəyərli insanlar, sanki, daha tez tərk edirlər bizi. Onların səsləri və izləri qalır, fəqət gələcəkləri deyil. Onlarla birgə yaşaya biləcəyimiz indini itiririk. Bəzən düşünürsən, həyat niyə bu qədər ədalətsizdir? Niyə ən dəyərli fiqurlar lövhədən, dünyadan tez gedir?

Danya bizə öyrətməyə çalışırdı ki, itki yalnız boşluq deyil, həm də düşüncə çağırışıdır. “In chess, like in life, perfection is impossible, but effort is infinite,” deyirdi o. Hər səylə, hər düşüncə ilə dünyada bir iz qoymaq mümkündür, lakin bəzən həyat bu izlərə yetərli dəyəri verməyi bizə gec öyrədir. Nəticədə, hər sonsuz ehtimal ilə peşmanlıq və təəssüf hiss edirsən.


və indi düşünürəm — insan niyə ölür? axı niyə?
bəzən bəzi sualların cavabı yoxdur. Bəzən həyat bir səhv gediş oynayır, və heç bir strategiya bu itkiləri geri gətirə bilmir. Hər boşluq, hər sükut, hər gözyaşı insanı daha çox düşünməyə, həyatın dərinliyini hiss etməyə çağırır. və burada insan məna axtarışına çıxır. (bu ayrı uzun bir bloq mövzusudur)


Son zamanlarda, insanlarla ünsiyyət qurarkən öncə onları müşahidə edirəm. Əksər halda 2 tip insan olur, istisna da var. Birinci tip elə göründüyü kimi olan, ikinci tip göstərdiklərindən daha aza sahib olanlardır. İstisnalar isə, içində daha çoxunu daşıyanlar. Danya da onlardan biri idi. Yəni əsas məqam təkcə güclü şahmatçı olmaqda deyil, onun “yaxşı insan” və dünyagörüşlü birisi olmasındadır. Və bunları milyonlara ötürə bilməsi də onu istisnalardan biri edir.

Sonda, ekranda o cümləni bir daha oxuyuram: “Grandmaster Daniel Naroditsky passed away.” Boğazımda qalan yemək, gözlərimdə dolan gözyaşları, ürəyimdəki boşluq — bütün bunlar bizə xatırladır: bəzən dəyərli insanlar çox tez gedir, amma onların öyrətdikləri və buraxdıqları izlər əbədidir.
Bəzən itkilər o qədər dərin olur ki, xatırlamaq da, unutmaq da eyni dərəcədə ağrıdır.
Youtube-dakı sonuncu videosu hələ də o başlıq altındadır — sanki bir ruhun zarafatıdır, sükut içində səslənən son cümləsi:

“You thought I was gone!?”

ב.פ